Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası işə başlayıb. Tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilir. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, iyunun 9-da isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə DYƏT ölkələri Nazirlər Müşavirəsinin sessiyası və Təşkilatın 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcək.
Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.
DYƏT-in Əsasnaməsinə əsasən, bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.
Azərbaycan 1993-cü ilin iyul ayından DYƏT-nın üzvüdür.
