Bakıda daha bir yol təmirə bağlanır

Bakıda daha bir yol təmirə bağlanır İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub
İnfrastruktur
31 Oktyabr , 2015 13:10
Bakıda daha bir yol təmirə bağlanır

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar noyabrın 2-si səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, yol təmir işləri bitənədək bağlı olacaq.

Nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması M.Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudiyyət olmayacaq.

Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalızasiya sistemi yaradılıb, yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Bundan başqa, ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Küçə boyu 1 700 paqon metr yeni səki daşı düzülüb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər salınıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin 36,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.

Qeyd olunub ki, işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, “Azəryolservis” vətəndaşlardan üzr istəyir.

Son xəbərlər

Orphus sistemi