Bakıda daha bir yol təmirdən sonra açılıb

Bakıda daha bir yol təmirdən sonra açılıb Ərazidə aparılan təmir işləri yekunlaşıb
İnfrastruktur
17 Noyabr , 2015 15:00
Bakıda daha bir yol təmirdən sonra açılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərə görə, uzun müddət təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış M.Əliyev küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. İkiqat olmaqla küçənin 36,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.

Ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığından, yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, küçədə “Azəryolservis” tərəfindən yeni yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların da təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemin də həll edilməsi istiqamətində cəmiyyət tərəfindən müvafiq addımlar atılıb. Belə ki, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2 700 paqonmetr yeni səki daşları düzülüb.

Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Hazırda M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairənin asfalt-beton örtüyünün və səki daşlarının yenilənməsi istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi