Bakıda 21 saylı avtobus xətti "Baku Bus"a verilib

Bakıda 21 saylı avtobus xətti "Baku Bus"a verilib Bu trayektoriya üzrə yeni "İveco" avtobusları hərəkət edəcək
İnfrastruktur
18 Noyabr , 2016 17:58
Bakıda 21 saylı avtobus xətti Baku Busa verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda 21 nömrəli avtobus xəttinin istifadə hüququ 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alınaraq “Baku Bus” MMC-nin istifadəsinə verilib. Həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən “İveco” markalı avtobuslarda bu gündən etibarən 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək “28 May” metro stansiyası - A.S.Puşkin küçəsi - Neftçilər prospekti - Nobel prospekti - “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumatda deyilir.

Bildirilib ki, avtobusların hərəkət cədvəli saat 06:00-dan saat 12:00-a qədərdir. 21 nömrəli “Baku Bus” avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir.

Qeyd edək ki, müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı "Əhmədli" metro stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, "Xətai" metro stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Bakı Nəqliyyat Agentliyinə şikayətlər daxil olurdu. Buna səbəb nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobus salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmamasıdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapıb.

Agentlik mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar olaraq 14 saylı marşrut xətti ilə 21 nömrəli marşrut xəttinin trayektoriyası bəzi dayanacaqlarda təkrarlandığından 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək “28 May” metro stansiyası müəyyənləşdirilib. 14 nömrəli marşrut xətti artıq bu gündən etibarən “Xətai" metro stansiyasındakı dayanacağa daxil olmayacaq. Agentliyin kompleks gördüyü bütün işlər bütövlükdə şəhər nəqliyyatının optimallaşdırılması məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi