Bakı. 18 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bu gün saat 14:50-yə olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
AZAL-dan “Report”a bildirilib ki, bunun səbəbi “E190LR” təyyarəsi ilə həyata keçirilən J2 263/J2 6412 saylı reysə sərnişin azlığı ilə bağlıdır.
Eyni zamanda, QSC-nin bu gün saat 10:00-a olan J2 261 saylı reysi də təxirə salınıb. AZAL hər gün sözügedən istiqamətdə 6 reys həyata keçirir.
Qeyd edək ki, bu istiqamət üzrə Azərbaycan vətəndaşları (böyüklər) üçün birtərəfli biletin qiyməti 50 manat, ikitərəfli 100 manat, 2-12 yaşa kimi sərnişinlər üçün birtərəfli biletin qiyməti 40 manat, ikitərəfli 80 manat, 2 yaşına qədər sərnişinlərə isə ödənişsizdir.
Xarici vətəndaşlar (böyüklər) üçün birtərəfli biletin qiyməti 70 manat, ikitərəfli 140 manat, 2-12 yaş üçün birtərəfli 47 manat, ikitərəfli 94 manat, 2 yaşına qədər sərnişinlər üçün isə birtərəfli 7 manat, ikitərəfli biletin qiyməti isə 14 manat təşkil edir.