Bakı metrosunun “Nərimanov” elektrik deposunda yeni xidmət sahəsi yaradılır

Bakı metrosunun “Nərimanov” elektrik deposunda yeni xidmət sahəsi yaradılır Bakı metropoliteninin “Nərimanov” elektrik deposunda təkərlərin vaqon altından çıxarılmadan yonulması məqsədilə yeni sahə yaradılır.
İnfrastruktur
29 May , 2024 11:09
Bakı metrosunun “Nərimanov” elektrik deposunda yeni xidmət sahəsi yaradılır

Bakı metropoliteninin “Nərimanov” elektrik deposunda təkərlərin vaqon altından çıxarılmadan yonulması məqsədilə yeni sahə yaradılır.

“Report” “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, artıq ölkə xaricində istehsal olunan rəqəmli idarəetmə əsasında çalışan müasir dəzgah alınaraq sahəyə gətirilib. Buna qədər isə yeni sahənin qurulması istiqamətində tədbirlər görülüb. Bu məqsədlə müvafiq komissiya araşdırma aparıb və işin səmərəli qurulması üçün yer müəyyən olunub. “Nərimanov” deposunun şpal sexinin yeri dəyişdirilərək burada qatarın bütünlüklə daxil ola biləcəyi sex inşa olunur. Şpal sexi isə deponun yük terminalına köçürülərək burada normativlərə uyğun bütün şərait yaradılıb. Təkəryonma sexi üçün sahədə tikinti-quraşdırma, təməlqurma işləri başa çatmaq üzrədir.

Təkər cütləri vaqonların hərəkət hissəsinin ən əhəmiyyətli, eyni zamanda, ən çox təsirlərə məruz qalan elementlərindən biridir. “Nərimanov” elektrik deposunda hazırda təkər cütlərinin yonulması KZTS qurğusunda aparılır. Qatar qaldırma təmir sahəsinə verilir, təkər cütləri vaqondan çıxarılır və təmir prosesinə cəlb edilir. Bu isə kifayət qədər vaxt aparan, işçi qüvvəsi və əmək sərfi bir prosesdir. Amma təkəri vaqonun altından çıxarmadan da bunu etmək mümkündür. Bu səbəbdən “Nərimanov” elektrik deposunun təkər təmirçilərinin yeni dəzgahı məhz məsələdə daha səmərəli olmaqla, təmir müddətinin daha da qısa müddətdə aparılmasını təmin edəcək.

Aparılan təhlillər əsasında bu sahədə ən optimal avadanlıq kimi Türkiyənin “Drinler Sanayi Makineleri Endüstri ve Tic. Aş” şirkətinin istehsalı olan vaqonaltı təkəryonan dəzgah seçilib.

Dəzgahın istismar müddəti 10 ildən az olmayacaq. Bu müddət ərzində tədarükçü təşkilat metropoliteni ehtiyat hissələri ilə təmin edəcək. Quraşdırma və işəsalma işlərinin keyfiyyəti və qəbulu “Nərimanov” elektrik deposunun mütəxəssisləri ilə birgə aparılacaq.

Müqaviləyə əsasən, dəzgahın istehsalı zamanı işlərin gedişinə və keyfiyyətinə nəzarət etmək, həmçinin onun gətirilməsi və quraşdırılması ilə bağlı məsələləri dəqiqləşdirmək, detalları müzakirə etmək üçün metropolitenin istehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov Türkiyədə olub. Zavodda istehsal prosesinin yekunlaşdırılması ilə yanaşı, ona avadanlığın bütün istehsalı dövrünü əks etdirən məlumatlar təqdim edilib. Bununla yanaşı, İstanbulda N. Yusubov bu dəzgahın quraşdırıldığı depoların iş şəraiti ilə tanış olub. Səfər çərçivəsində qarşılıqlı fikir mübadiləsi, personalın hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu günlərdə sexin inşasında əsas işlər yekunlaşdırıldığından dəzgah, onun idarəetmə sistemləri və proqram təminatı Bakıya gətirilərək quraşdırma işlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi