Bakı. 19 iyun. REPORT.AZ/ “
"Report” “Bakı Metropoliteni” QSC-yə istinadən bildirir ki, metro inşaatçıları Cəfər Cabbarlı – Xətai mənzilinin 1-ci yolunda 127 m sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səthini təmizləyib tunelin içərisindən yeni səth yığmalı olublar. Bu halda tunelin 6 metrlik diametri 0,5 m azalsa da, qatarların hərəkətinə heç bir problem yaratmır. Hazırda inşaatçılar köhnə tunel səthi ilə təzəsi arasında hermetikliyi təmin etmək üçün orada məhlulvurma işləri aparırlar. Bu işlər də artıq başa çatmaq üzrədir. Eyni zamanda, tunelin sərt özülünün bərpa olunması işləri də davam edir.
Sağlamlaşdırma prosesində demontaj olunmuş yol yeniləşmiş özül üzərindən salınacaq. Bu işin də təxminən 80%-i yerinə yetirilib. Beton sərt özül tam hazır olduqdan sonra yol işçiləri burada öz relslərini düzə bilərlər. Yeni qurulmuş tübinq səthlərinin korroziya əleyhinə boya ilə rənglənməsindən sonra, bu sahədə işlər tam başa çatacaq.

