Bakı. 14 fevral. REPORT.AZ/ Bu günlərdə metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib.
“Bakı Metropoliteni” QSC-dən “Report”a verilən xəbərə əsasən, Rusiyanın “Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi” MMC-nin istehsalı olan dartı modullu “MTK-3-004” motovozu 185 at gücünə, “MT-1-005K” tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir.
Dəmiryol nəqliyyatı üçün müəyyən olunan yüksək Avropa standartlarına uyğun gələn motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılan xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir.
Qeyd edilən iki motovozdan başqa, 2014-cü ildən bu günədək daha iki yeni motovoz alınıb. Həmin ilin sentyabrında Rusiyanın Tixoretsk Maşınqayırma Zavodunun “TM 270k” tipli yeni nəsil motovozunun sınaqdan çıxan ilk nümunəsi Bakı Metropoliteninə gətirilib. 2015-ci ildə isə Kambarskdakı zavoddan alınan “MTK-1-038”markalı dartı modullu motovoz alınıb. Bu təsərrüfat qatarları yuxarıda qeyd edilən ekoloji tələblərlə yanaşı, müasir texniki standartlara da tam cavab verir.
Bununla belə, bu günlərdə metropolitenə ilk dəfə təkər cütlərinin diametri 720 mm olan 10 yeni arabacıq da gətirilib. Kambarskda istehsal olunan bu arabacıqların və təsərrüfat qatarlarının təkər cütləri arasındakı fərqin aradan qaldırılması təkcə həm onlara qulluğu asanlaşdırır, həm də xüsusi təyinatlı işlərin yerinə yetirilməsində, ələlxüsus uzun ölçülü pletlərin daşınmasına əlverişli şərait yaradıb. Bununla yüksək təhlükəsizlik, döngələrdə, əyrilərdə geniş diapazonda manevrli iş qabiliyyəti təmin edilib. Yeni ölçülər həm də arabacığın götürdüyü yükün artıq hər təkərin üzərinə düşən yük əsasında riyazi hesablama ilə aparılmasına, təhlükəsizliyin və səmərənin yeni meyarlarının tətbiq edilməsinə imkan verib.
Daha bir yenilik yanacaqdoldurma məntəqəsi ilə bağlıdır. “N.Nərimanov” elektrik deposunda əsasən motorels distansiyasının ehtiyaclarını ödəyən, hərəsi 15 ton həcmə malik və davamlı materiallardan hazırlanmış iki yanacaq çəni quraşdırılıb. Xüsusi kart vasitəsilə avtomatik yanacaqdoldurmadan savayı, yanacağın miqdarı və dövriyyəsi də arxivləşdirilir. Bununla da, yanacaqla təchizata insan müdaxiləsi tam aradan qaldırılıb və proses şəffaf idarə olunur. Avtomatlaşdırma sayəsində proqram təminatının yenilənməsinə ehtiyac yaranarsa, təchizatçı şirkət prosesə məsafədən müdaxilə edə bilər.
Yaxın gələcəkdə isə iş şəraitinin, dispetçer məntəqəsi, avtomobil qarajının və sanitar şəraitinin ən yüksək tələblər səviyyəsinə çatdırılması ilə bağlı yeni layihənin həyata keçirilməsi nəzərdə tutulub.