Bakı. 1 iyun. REPORT.AZ/ “British Airways” aviaşirkətinin Bakıdan olan uçuşları Londonun Hitrou hava limanında 5-ci Terminala (T5) həyata keçiriləcək.
“British Airways”dən “Report”a verilən məlumata görə, artıq Azərbaycandan olan sərnişinlər 5-ci Terminala eniş edirlər. İl ərzində 30 mln. insanı qəbul etmək imkanına malik yüksək texnologiyalarla təchiz olunmuş T5 “Skytrax” təşkilatının ardıcıl olaraq 4-cü dəfə dünyanın ən yaxşı terminalı mükafatına layiq görülüb.
Qeyd edək ki, Bakıdan Birləşmiş Krallığın ən böyük hava limanına olan uçuşlar əvvəllər 1-ci Terminala həyata keçirilib. 2014-cü ilin bəyanatına əsasən, “British Airways” Londonun Hitrou hava limanının üç terminalına həyata keçirdiyi uçuşları 2015-ci ilin sonunadək artıq iki – 3-cü (T3) və 5-ci terminallarda cəmləşdirəcək.
Orta Şərq və Mərkəzi Asiya regionundan, İordaniyanın paytaxtı Əmman və Livanın paytaxtı Beyrutdan olan uçuşlar da T1-dən T5-ə keçirilib. “British Airways” Azərbaycandan Hitrou aeroportunun 5-ci Terminalına həftədə 6 dəfə uçuşlar həyata keçirir.