Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Böyük Britaniyadan Xəzərdə istismar ediləcək yeni yüksəktəzyiqli həyatqoruyucu blok (LSP) alır. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, "Bakı Gəmiqayırma" MMC Xəzər dənizində gəmidə istifadə məqsədilə İngiltərənin "Submarine Manufacturing and Products Ltd." şirkətinə LSP sifariş edib.
Qeyd edək ki, bu blok tamamilə daşına bilir. Uzaq məsafələrdə istismar üçün yararlıdır. Blok yüksəktəzyiqli həyatqoruyucu və yüksəktəzyiqli xilasedici kamera ilə təchiz edilmiş hər növ zəruri avandanlıqla təmin edilir.
Blok nəzarət sahəsi, maşın sahəsi, ikili isidici və soyuducu elementlər, soyuducu ventilyasiya barmaqlıqları ilə təchiz edilir.
"Bakı Gəmiqayırma" MMC-nin LSP layihəsi üzrə meneceri İxtiyar Məmmədov deyib ki, Azərbaycan şirkətinin "Submarine Manufacturing and Products Ltd."yə üstünlük verməsinin əsas səbəbi texniki xüsusiyyətlərin uyğunluğu, münasib qiymət və layihənin vaxtında təhvil verməsindən ibarətdir.