Bakı Dəniz Limanının fəaliyyətinin təmin edilməsi üçün 36,8 milyon manat ayrılıb

Bakı Dəniz Limanının fəaliyyətinin təmin edilməsi üçün 36,8 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
2 Avqust , 2017 18:15
Bakı Dəniz Limanının fəaliyyətinin təmin edilməsi üçün 36,8 milyon manat ayrılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə imzalanıb. 

Sərəncamda bildirilir ki, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunub və Azərbaycan Respublikasının beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib. Ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb.

Sərəncama əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli fərmanında nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon manat və 3,6 milyon manat olmaqla, cəmi 36,8 milyon manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi