"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın yükaşırması 27 faiz artıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın yükaşırması 27 faiz artıb Ümumi yükaşırmanın 87%-i tranzit yüklərin payına düşüb
İnfrastruktur
21 İyul , 2020 11:05
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırması 27 faiz artıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) 2020-ci ilin I yarım illiyini uğurla başa vurub.

 Bu barədə “Report” Bakı Limanına istinadən xəbər verir.

Məlumata görə, hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə, cari ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 mln 524,8 min ton təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 mln 981,2 min ton) 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87%-i və ya 2 mln 192,8 min tonu tranzit yüklərin payına düşüb.

2020-ci ilin I yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 min ton təşkil edib. Eyni dövrdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4% artaraq 17 173 ədəd olub. Bunlardan 11 776 ədədi (68,6 faiz) Bakı-Türkmənbaşı-Bakı, 5 397 ədədi isə (31,4 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artım deməkdir (2019-cu ilin I yarım ilində 15 210 TEU). COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz azalma qeydə alınıb və 13 776 nəfər təşkil edib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının əvvəllərindən etibarən Liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.

Son xəbərlər

Orphus sistemi