Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rumıniyanın Konstantsa limanı arasında anlaşma memorandumu imzalanıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rumıniyanın Konstantsa limanı arasında anlaşma memorandumu imzalanıb Hər iki limanın imkanlarından istifadə edilməklə bütün növ yüklərin nəqliyyatının kəmiyyət və keyfiyyətinin artırılması təmin və təşviq ediləcək
İnfrastruktur
5 Oktyabr , 2017 13:53
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rumıniyanın Konstantsa limanı arasında anlaşma memorandumu imzalanıb

Buxarest. 5 oktyabr. REPORT.AZ/ Rumıniyanın Konstantsa şəhərində keçirilən “İpək yolu” sammiti çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (BBDTL) QSC və bu ölkənin Konstantsa Limanı (Dəniz Limanları Milli Administrasiyası) arasında anlaşma memorandumu imzalanıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sənədi Azərbaycan tərəfdən BBDTL-nin baş direktoru Taleh Ziyadov, Rumıniya tərəfdən isə Konstantsa limanının baş direktoru Dan Nikolae Tivililchi imzalayıblar.

T.Ziyadov “Report”a açıqlamasında memorandumun mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “100 mln ton yükaşırma qabiliyyətinə malik Konstantsa limanı Çindən Qərbə ixrac olunan və Azərbaycandan keçən yüklərin əsas dəhlizlərindən biri hesab olunur. Memoranduma əsasən, tərəflər hər iki limanın imkanlarından istifadə etməklə bütün növ yüklərin nəqliyyatının kəmiyyət və keyfiyyətinin artırılmasını təmin və təşviq etmək niyyətindirlər”.

Qeyd edək ki, Konstantsa limanı özünün istismar imkanları hesabına “İpək Yolu” dəhlizinin inkişaf etdirilməsinə imkan yaratmaq gücünə malikdir. Belə ki, limanla Çindən gələn yüklərin dəmir yolu vasitəsilə Mərkəzi və Qərbi Avropaya, eləcə də Dunay çayı ilə Şərqi Avropa və Baltik ölkələrinə daşınması mümkündür.

Bu gün Konstantsa limanı – sərnişin terminalında keçirilən və iki gün davam edəcək “İpək yolu” sammitində 12 ölkədən 200-ə qədər nümayəndə iştirak edir. Sammitdə T.Ziyadov “Bakı limanı: İpək Yolunun bərpası, qitələrin birləşdirilməsi” mövzusunda çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi