Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Dubayda keçirilən biznes forumda iştirak edib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Dubayda keçirilən biznes forumda iştirak edib Qurumun baş direktoru tədbirdə Bakı limanının imkanlarından danışıb
İnfrastruktur
18 Fevral , 2016 13:43
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Dubayda keçirilən biznes forumda iştirak edib

Bakı. 18 fevral. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Dubayda (BƏƏ) təşkil olunmuş “Qədim yollar – yeni imkanlar” mövzusunda MDB ölkələrinin Ümumdünya Biznes Forumunda iştirak edib.

Limandan "Report"a verilən məlumata görə, forumun əsas məqsədi son dövrdə siyasi və iqtisadi cəhətdən əhəmiyyəti artmaqda olan, Mərkəzi Asiya və Ərəb Körfəzi vasitəsi ilə Avropa ilə Çini birləşdirən qədim İpək Yolunun bərpası, dəhliz boyu yerləşən ölkələrin iş imkanlarından yararlanması, yeni sinerjilərin əmələ gəlməsi ilə ümumdünya dəyər zəncirin mümkün dəyişilməsi və bunun fonunda ölkələrin rolu, o cümlədən Azərbaycanın regionda aparıcı nəqliyyat və yükdaşıma mərkəzinə çevrilməsi imkanlarının müzakirəsi olub.

Forum çərçivəsində Bakı limanının baş direktoru Taleh Ziyadov “Tədarük zəncirinin dəyişdirilməsi - İpək Yolunun əhəmiyyəti” adlı paneldə məruzə ilə çıxış edib, Limanın imkanları, əldə olunan nəticələr, gələcək perspektivlər və planlar barədə geniş məlumat verib.

Tədbirdə, həmçinin MDB ölkələrinin iqtisadiyyatının reallığa uyğunlaşdırılması, ölkələrin qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə mövcud imkanlardan istifadə olunması, qədim tranzit yollarının, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin gücləndirilməsi, neft dövründən sonrakı inkişaf prioritetləri, təchizat zəncirinin transformasiyasına İpək Yolunun təsiri, həmçinin bu istiqamətdə MDB ölkələrinin imkanlarının gücləndirilməsi və digər mövzularda müxtəlif panellər çərçivəsində müzakirələr aparılıb.

Qeyd edək ki, forumda bır sıra böyük şirkət və təşkilatlarının rəhbərləri, iştirakçı dövlətlərin ayrı-ayrı sahələr üzrə rəsmi şəxsləri, həmçinin BƏƏ-nin yüksək səviyyəli rəsmiləri də daxil olmaqla 500-ə qədər iştirakçı təmsil olunub.

Xatırladaq ki, son dövrdə Bakı limanı Antverpen, Aktau, Batumi və digər qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb, Dubay ve Sinqapur limanlarının təcrübəsi öyrənilib. Bakı limanı Avropa İttifaqı, USAID, UNDP, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif layihələrin icrası istiqamətində addımlar atır və beynəlxalq tədbirlərdə iştirak edir. Liman 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi