Bakı. 7 may. REPORT.AZ/
“Report”un "Azəryolservis"ə istinadən verdiyi xəbərə görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir. Hələlik işlər M.Həsənov küçəsinin Şərifzadə küçəsi ilə kəsişməsindən Dadaş Bünyatzadə küçəsi ilə kəsişməsinədək olan ərazidə aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyünün üst qatı döşənir. Asfaltlama işləri bitəndən sonra ərazidə nişan xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq.
Qeyd edək ki, küçədə artıq yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.
Analoji işlər küçənin qalan ərazisində, “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılır. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.



