"Azərsu" Saray qəsəbəsində yeni layihənin icrasına başlayıb

"Azərsu" Saray qəsəbəsində yeni layihənin icrasına başlayıb Qəsəbə ərazisində 200-800 mm diametrli borularla 13 km uzunluğunda kanalizasiya xətti çəkiləcək
İnfrastruktur
11 Fevral , 2021 15:14
Azərsu Saray qəsəbəsində yeni layihənin icrasına başlayıb

“Azərsu” ASC Abşeron rayonunun Saray qəsəbəsində əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

Bu barədə “Report”a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qəsəbənin Yeni yaşayış massivi adlanan ərazisində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək.

Layihə Bakı-Sumqayıt avtomobil yolunun yaxınlığından başlayaraq Saray qəsəbəsindən keçməklə Sumqayıt şəhərinə qədər böyük bir ərazini əhatə edir. Saray qəsəbəsinin Yeni yaşayış massivində mərkəzləşmiş kanalizasiya sistemləri olmadığından tullantı sularının axıdılmasında problemlər yaranır. Əhali tullantı sularını septik qurğulara (şambolara) və ya tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərlə yaxınlıqdakı sututarlara axıdır. Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” layihə hazırlayıb və bu ilin yanvarından tikinti-quraşdırma işlərinə başlanılıb.

Layihəyə əsasən, qəsəbə ərazisində 200-800 mm diametrli borularla 13 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Tullantı sularının kollektora axıdılmasını təmin etmək üçün kollektorun marşrutu boyu 250 nöqtədə baxış quyuları inşa ediləcək və evlərə birləşmələr veriləcək. Yeni yaşayış massivinin relyef baxımından çökəkdə yerləşən hissəsinin tullantı sularının kollektora ötürülməsini təmin etmək üçün məhsuldarlığı sutkada 4 800 kubmetr olan kanalizasiya nasos stansiyası və 1 km uzunluğunda təzyiqli xəttin tikintisi də nəzərdə tutulur. Layihənin sürətli icrası məqsədilə hazırda tikinti-quraşdırma işləri eyni vaxtda 5 nöqtədə həyata keçirilir. Kollektorun tikintisinin 2021-ci ilin 3-cü rübündə başa çatdırılması nəzərdə tutulur.

Yeni kollektor Sumqayıt şəhərindəki mövcud 1 000 mm diametrli kanalizasiya kollektoruna birləşdiriləcək. Tullantı suları bu kollektor vasitəsilə Sumqayıt tullantı sutəmizləyici qurğusuna yönəldiriləcək və burada təmizlənib kənarlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi