​“AzerGold” QSC-nin nizamnaməsi və strukturu müəyyənləşib

​“AzerGold” QSC-nin nizamnaməsi və strukturu müəyyənləşib Qurum metal filizi yataqlarının işlənməsi ilə məşğul olacaq
İnfrastruktur
14 May , 2016 03:27
​“AzerGold” QSC-nin nizamnaməsi və strukturu müəyyənləşib

Bakı. 14 may. REPORT.AZ/ Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Cəmiyyət prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında yaradılıb.

Səhmləri dövlətə məxsus olan “AzerGold” QSC əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Nizamnaməyə görə, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. O, öz fəaliyyətində Azərbaycan Konstitusiyasını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Mülki Məcəlləni, ölkənin digər qanunlarını, prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

Sözügedən QSC hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir, həmçinin vəzifələr daşıyır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

Cəmiyyətin nizamnamə kapitalı 2 000 000 (iki milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 (bir) manat olan 2 000 000 (iki milyon) ədəd adi səhmlərdən ibarətdir.

Qurumun ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin müşahidə şurası onun fəaliyyəti üzərində ümumi rəhbərliyi və nəzarəti həyata keçirən və icra səlahiyyətlərinə malik olmayan orqandır. Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (beş) nəfər üzvdən ibarətdir. Onun tərkibi İqtisadiyyat (2 nəfər), Ekologiya və Təbii Sərvətlər (1 nəfər), Maliyyə nazirlikləri (1 nəfər) və Əmlak Məsələləri Dövlət Komitəsinin (1 nəfər) nümayəndələrindən ibarətdir. Nazirlik Müşa-hidə Şurasının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

Cəmiyyətin idarə heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

QSC sədri cəmiyyətin fəaliyyətini həyata keçirir, İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir, həmçinin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir.

Cəmiyyətdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişini həyata keçirmək üçün 3 (üç) nəfərdən ibarət tərkibdə təftiş komissiyası yaradılır. Cəmiyyətin təftiş komissiyasının üzvləri Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir. Nizamnamədə dəyişikliklər prezident ilə razılaşdırıldıqdan sonra edilə bilər.

Son xəbərlər

Orphus sistemi