“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan gəmilərinin heyət üzvləri Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar dəstək xarakterli aksiya təşkil ediblər.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Dənizçilər dağıdıcı zəlzələyə diqqəti artırmaq məqsədilə öz təşəbbüsləri ilə çalışdıqları gəmilərin göyərtlərində “Pray For Türkiye” posterləri açıblar. Bununla gəmiçilər həm də, təbii fəlakətdən təəssüfləndiklərini, hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyə xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Dəstək aksiyaları zamanı dənizçilər zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini anıb, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

