Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir.
“Report” xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında nazir müavini Rəhman Hümmətov bildirib.
"Artıq Laçın rayonu, o cümlədən Laçın-Zabux istiqaməti ilə bağlı planlar hazırdır. Şuşa şəhəri ilə bağlı da addımlar atılır", - deyə o qeyd edib.
Nazir müavini son günlər Azərbaycanın gömrük postlarında yük maşınlarının sıxlığının yaranmasına da münasibət bildirib: “Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əvvəl cəmi 2 000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük keçid məntəqələrinin genişləndirlməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Azərbaycan-Gürcüstan sərhəddində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhəddindəki mənzərəni də nəzərə almaq laızmdır. Onu da qeyd edim ki, ölkəyə idxal edilən yük maşınlarının sayı 36-37% artıb".