Azərbaycanın daha 45 kəndi içməli su ilə təchiz ediləcək

Azərbaycanın daha 45 kəndi içməli su ilə təchiz ediləcək Bu barədə "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynov məlumat verib
İnfrastruktur
31 Oktyabr , 2016 17:23
Azərbaycanın daha 45 kəndi içməli su ilə təchiz ediləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-də qurumun bu ilin 9 ayı üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunmuş iclas keçirilib. Bu barədə "Report"a "Azərsu"dan bildirilib. 

Məlumata görə, iclasda çıxış edən ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, sözügedən müddətdə istehlakçılara 217 mln. kubmetr su satılıb, 144 mln. kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib: “Hesabat dövründə 655 km içməli su, 374 km kanalizasiya xətləri çəkilib, 4 ədəd su anbarı tikilib və 17 subartezian quyusu qazılıb. Görülən işlər nəticəsində 135 min nəfər ilk dəfə mərkəzləşdirilən qaydada içməli su ilə təmin edilib, 60 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,2%-ə, ölkə üzrə 65%-ə yüksəlib. Bu müddət ərzində abonentlərin sayı 1,4 mln. nəfəri keçib”.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Şamaxı, Beyləqan, Ağdaş, Tərtər şəhərlərində bir sıra layihələrin icrasının yekunlaşmaq üzrə olduğunu xatırladan ASC sədri Göyçay şəhərində tullantı sutəmizləyici qurğunun tikintisinə başlanıldığını vurğulayıb: “Ötən müddətdə Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində su təchizatı yaxşılaşdırılıb, Masallı rayonunun Muğanlı zonasında yerləşən 5 kənddə içməli su layihəsi həyata keçirilib”.

Kənd və qəsəbələrin içməli su təchizatının xüsusi diqqətdə saxlanılacağını bildirən Q.Hüseynov ilkin mərhələdə 45 kənddə layihələrin icra ediləcəyini diqqətə çatdırıb: “Su itkilərinin və debitor borcların azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi vacibdir. Bununla belə, 2017-ci ildə Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illiyi münasibəti ilə Bakıda geniş tədbirlərin həyata keçiriləcəyi nəzərə alınaraq, yubileyə hazırlıqla bağlı işlər sürətləndirilməlidir”.

Son xəbərlər

Orphus sistemi