Azərbaycanın 4 şəhərində su və kanalizasiya şəbəkəsinin tikinti işləri başa çatdırılıb

Azərbaycanın 4 şəhərində su və kanalizasiya şəbəkəsinin tikinti işləri başa çatdırılıb Qarşıdakı aylarda Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq
İnfrastruktur
10 Noyabr , 2016 20:11
Azərbaycanın 4 şəhərində su və kanalizasiya şəbəkəsinin tikinti işləri başa çatdırılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ “Azərsu” ASC bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə 4 şəhərdə - Qusar, Beyləqan, Tərtər, Şamaxı şəhərlərində su və kanalizasiya şəbəkəsinin tikinti işlərini başa çatdırıb.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral su xətti çəkilərək istismara verilib. Bununla da, Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub.

Eyni zamanda Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə yeni birləşmə verilən, şəhər əhalisinin böyük əksəriyyətinin su təchizatının yeni mənbədən aparılması mümkün olub. Belə ki, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin içməli su təminatına hesablanan Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhəri istisna olmaqla digər 4 şəhərə suyun verilməsi təmin edilib. Növbəti mərhələdə Neftçala şəhəri və kəmərin marşrutu boyunca yerləşən bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.

Bu ilin 10 ayı ərzində içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması da diqqətdə saxlanılıb. Hesabat dövründə Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində, Ağdam rayonun Quzanlı, Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbələrin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı Misni-Mais obalarının su təchizatı yaxşılaşdırılıb. Bununla yanaşı, Masallı rayonunun Muğanlı zonasında yerləşən 5 kəndinə Viləşçay anbarının sahilində tikilən yeni sutəmizləyici qurğudan suyun verilməsi üçün magistral kəmərlərin inşası yekunlaşıb, kəndlərə suyun verilməsinə hazırlıq görülür.

Ümumilikdə qeyd edilən müddətdə regionlarda 600 km-ə yaxın magistral və şəbəkə su xətləri, 370 km-dən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülən işlər nəticəsində regionlarda 130 mindən çox sakin ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilib, 40 min nəfərin su təchizatı isə fasiləsiz rejimə keçirilib. Bununla da, bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 min nəfəri keçib.

Bugünə qədər ölkənin 43 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya layihələri həyata keçirilib, bunların 29-da işlər “Azərsu”nun sifarişi ilə icra olunub. Bu şəhərlərin 11-də layihələr dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına reallaşdırılır.

Artıq 8 şəhərdə - Quba, Qusar, Göyçay, Beyləqan, Şamaxı, Tərtər, Biləsuvar, Naftalanda su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Digər 8 şəhərdə - Lənkəran, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Ucar və Zərdabda isə layihələrin içməli su ilə bağlı olan hissəsi yekunlaşıb. 

Qarşıdakı aylarda Ağcabədi şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq.

Son xəbərlər

Orphus sistemi