"Bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğuladığınız kimi, su təsərrüfatı sahəsində vahid idarəetmə və nəzarət sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından səmərəsiz istifadəyə gətirib çıxarıb. Su və su təsərrüfatı obyektlərindən dəqiq uçot və optimal bölgü aparılmadan istifadə ilə yanaşı, aparılan monitorinqlər kütləvi şəkildə nəzarətdənkənar qoşulma hallarının da mövcud olduğunu ortaya çıxarıb. Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədlərinə nail olmaq üçün görülməli tədbirləri ehtiva edən Milli Strategiyanın hazırlanması da məqsədəuyğundur".
"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə bildirib.
"Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunub.
Qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır" - o, qeyd edib.
Hökumət rəsmisinin sözlərinə görə, prioritet məsələlərdən biri də energetika sahəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlıdır: "Məlum olduğu kimi, suvarma dövrü əsasən beş aydır: may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır.
Bunlarla yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:
Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;
Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;
Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;
Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması;
Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması".