Azərbaycanda bu ay üçün Rusiya III ölkə icazə blanklarının bölgüsü aparılıb

Azərbaycanda bu ay üçün Rusiya III ölkə icazə blanklarının bölgüsü aparılıb “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin nəzdindəki Xüsusi Komissiya bu ay üçün Rusiya III ölkə (defisit blank kateqoriyası) “İcazə” blanklarının bölgüsünü aparıb.
İnfrastruktur
23 sentyabr 2021 12:10
Azərbaycanda bu ay üçün Rusiya III ölkə icazə blanklarının bölgüsü aparılıb

“Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin nəzdindəki Xüsusi Komissiya bu ay üçün Rusiya III ölkə (defisit blank kateqoriyası) “İcazə” blanklarının bölgüsünü aparıb.

"Report" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən xəbər verir.

Bu il mayın 27-də nazirliklə ABADA arasında imzalanmış memoranduma əsasən, “İcazə” blanklarının bölgüsünü sözügedən Xüsusi Komissiya aparır.

Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə “Okeantrans” MMC-nin, “R Trans” MMC-nin, “Pərviz İKF”-in, “Az-Forvard” MMC-nin və “Qarabağ Transport” MMC-nin rəhbərləri və nümayəndələri də iştirak edib.

Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək üçün III ölkə “İcazə” blankı bölünüb.

Qəbul edilən Reqlamentə əsasən “İcazə” blanklarının bölgüsü ilə bağlı şərtlər daşıyıcılara ətraflı izah edilib.

Hazırki bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılmasını və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımaların reytinqinə uyğun əmsallardan istifadə edilməklə riyazi hesablamalar vasitəsilə həyata keçirilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndində qeyd edilir ki, “İcazə” blankları istifadə edildikdən sonra təhvil verilməlidir. “İcazə” blanklarının istifadə edildikdən sonra geri qaytarılması barədə xəbərdarlıq “İcazə” blankları verilərkən xüsusi bildirişlə, sahibkarların mobil nömrələrinə sms göndərilməklə, eləcə də ABADA-nın saytında məlumat yerləşdirilməklə sahibkarlara təqdim edilir. Bu qaydaya əməl etməyən daşıyıcıların müraciətləri məlumat yetərsizliyindən Xüsusi Komissiyaya təqdim edilmir.

Bu ilin sentyabr ayı üçün Rusiya III ölkə “İcazə” blanklarının bölgüsü aparılar istifadə edilmiş “İcazə” blankları haqqında məlumatları açıqlamayan şəxslərin müraciətləri də Xüsusi Komissiyaya təqdim edilməyib.

Eyni zamanda “Avtomobil nəqliyyatı haqqında” qanunun müvafiq maddəsinə əsaslanmaqla beynəlxalq yükdaşımalarının yerinə yetirilməsi üçün istifadəsindəki avtonəqliyyat vasitələri barədə məlumat verməyən şəxslərin müraciətləri də qeydiyyata alınmayıb.

Bir daha daşıyıcıların nəzərinə çatdırırıq ki, istifadə olunmuş “İcazə” blankları barədə məlumatların DANX-a operativ təqdim edilməsini təmin etsinlər. Həmçinin real planlaşdırılmış daşımalara uyğun “İcazə” blankları sifariş versinlər. Yaxın gələcəkdə nəzərdə tutulmayan daşımalara görə “İcazə” blanklarının əldə edilməsi defisit “İcazə” blanklarına real ehtiyacı olan digər daşıyıcıların təminatında problemlər yaranmasına səbəb olur.

DANX ABADA ilə birlikdə milli daşıyıcılarımızın “İcazə” blankları ilə tam təmin olunması üçün zəruri təbdirlər görür və bununla əlaqədar mütəmadi olaraq bütün daşıyıcılar məlumatlandırılacaq.Qanunvericilikdən irəli gələrək tətbiq edilən qaydalar daşıyıcılar arasında azad rəqabətin təmin olunması, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və defisit “İcazə” blanklarının real tələbatını qarşılamağa hesablanıb.

Son xəbərlər

Orphus sistemi