Azərbaycanda beynəlxalq layihənin icrasında nöqsanlar aşkarlanıb

Azərbaycanda beynəlxalq layihənin icrasında nöqsanlar aşkarlanıb Sudan İstifadəedənlər Birliklərinin qanunauyğun fəaliyyət göstərməsi tam təmin edilməyib
İnfrastruktur
27 İyul , 2016 10:52
Azərbaycanda beynəlxalq layihənin icrasında nöqsanlar aşkarlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də həyata keçirilən beynəlxalq layihənin icrasında nəticəlilik tam təmin olunmayıb. "Report" bu barədə   "Sudan İstifadəedənlər Birliklərinin inkişafına dəstək Layihəsi" üzrə vəsaitlərdən istifadəyə dair Hesabla Palatası tərəfindən həyata keçirilən auditin nəticələrinə əsasən xəbər verir. 

Layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki, Layihənin əsas nəticə göstəricilərinə nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə Layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.

Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 mln. dollar məbləğində, yəni Layihənin dəyərinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə, kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.

Layihənin dəyəri ilkin olaraq 114,3 mln. dollar məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 mln. dollar, Azərbaycan hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 mln. dollar məbləğində nəzərdə tutulub. Layihənin əsas məqsədi əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi olub.

Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməyib.

Layihənin həyata keçirilməsi üzrə işçi qrupu (LHKQ) ilə Layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən olunub.

Eyni zamanda, Layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.

Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması, bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin “Meliorasiya və irriqasiya haqqında” Qanunun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.

17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15 269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.

Son xəbərlər

Orphus sistemi