​Azərbaycana fasiləsiz su alanların xüsusi çəkisi 63%-ə çatıb

​Azərbaycana fasiləsiz su alanların xüsusi çəkisi 63%-ə çatıb Ötən dövrdə 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunub, 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir
İnfrastruktur
28 Yanvar , 2015 17:25
​Azərbaycana fasiləsiz su alanların xüsusi çəkisi 63%-ə çatıb

Bakı. 28 yanvar.REPORT.AZ/ Azərbaycanda son bir ildə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz bəndi artaraq 62,5%-ə çatdırılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunub, 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir. Hazırda bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub, onların 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Şirvan-Muğan qrup su kəməri və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilib. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulur. Bununla yanaşı, 2014-cü ildə istifadəyə verilən Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərilə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcək.

Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Mingəçevir şəhərində 41 km yeni su xətti, 30 km kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib.

Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcək.

Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Açıq kommunal infrastruktur Layihəsi" çərçivəsində 24 km uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq, hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 km su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilib, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənib, 7 min abonent smart sayğacla təmin olunub.

Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılıb, Ağdaş şəhərində isə bu işlər 70% icra olunub.

Dövlət Proqramının icrasının birinci ilində "Azərsu" tərəfindən regionlarda ümumilikdə 832 km magistral və paylayıcı su xətti, 256 km kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilib, 50 min ədəd smart sayğac quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi