“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Dövlət Neft Şirkəti (SOCAR), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi, Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair görüş keçirilib.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Məlumata görə, səhmdar cəmiyyətinin təşəbbüsü ilə baş tutan görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estekadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması, bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsinin yenilənməsi, ölkə ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsi kimi məsələlər müzakirə olunub.
Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri itismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s) barədə HDQ Hidroqrafiya İdarəsinə, eləcə də Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək.
HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR-ın gördüyü işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini, Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, ölkə ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsini, naviqasiya ədəbiyyatlarının korrektəsini təmin edəcək.
Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir.
Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyatı qurumların əməkdaşlarından ibarət komissiyanın yaradılması və komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib.