Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaları artırıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaları artırıb Daşınmış yüklərin həcmi 300 min tonu üstələyib
İnfrastruktur
17 Fevral , 2017 13:57
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaları artırıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında havalar əlverişsiz keçsə də, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi artıb. Belə ki, ilin ilk ayında dəniz nəqliyyatı ilə 4 676 vaqon daşınıb. Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 58% artım deməkdir. 3 237 vaqonda quru, 1 439 vaqonda isə maye yüklər olub. Ümumilikdə, daşınmış yüklərin həcmi 300 515 ton təşkil edib.

Hesabat dövründə 1 368 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 15% üstələməyə imkan verib.

2017-ci ilin yanvarında bütün istiqamətlər üzrə 201 səfər həyata keçirilib. Onların 21-i "Ro-Ro" tipli gəmilərlə, 180-i bərələrlə gerçəkləşdirilib. Ötən ilin eyni dövründə isə 142 səfər edilib və bu səfərlərin 19-u "Ro-Ro", 123-ü bərələrin payına düşür.

Eyni zamanda yanvarda dəniz nəqliyyatı ilə 1 204 sərnişin daşınıb. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 nəfər çoxdur.

Xatırladaq ki, Gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi