Bakı. 14 dekabr. REPORT.AZ/ Dünyanın aparıcı təsnifat cəmiyyətlərindən olan "Bureau Veritas"ın Yaxın Şərq, Türkiyə və Xəzər dənizi üzrə nümayəndələri Paskal Poilliot, Ağasəf Hüseynov və Cafer Tekkan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüb. Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. "Bureau Veritas"ın nümayəndələri gəmiqayırma, gəmi təmiri, personalın peşəkar bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsinə dair öz xidmətlərini təklif ediblər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurumun son illər qazandığı nailiyyətlər haqqında qonaqlara məlumat verib. O, bildirib ki, yenilənən donanmanın gəmiləri bu gün nəinki Xəzərdə, eyni zamanda kənarda da Azərbaycan bayrağı altında xidmət göstərir. Nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlıq təcrübəsinin artıq mövcudluğunu qeyd edən R.Vəliyev bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib.
Tərəflər 2017-ci ildə bir sıra sahələr, xüsusən də Gəmiçiliyin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsinə dair ilkin razılığa gəliblər.
1828-ci ildən fəaliyyət göstərən və hazırda dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi olan "Bureau Veritas" şirkəti sertifikatlaşdırma, audit və sair xidmətlərin həyata keçirilməsi ilə yanaşı, keyfiyyət, sağlamlıq, ətraf mühit və təhlükəsizlik məsələlərinin standartlara uyğunluğuna da nəzarət edir.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Amerika Dəniz Gəmiçilik Bürosu, Rusiya Gəmiçilik üzrə Dəniz Registri, “Türk Loydu Vakfı” və “Det Norske Veritas” (DNV) kimi nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlığın nəticəsi kimi müxtəlif sertifikatlar əldə edib.