Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan dəmiryolu sahəsində yeni anlaşma memorandumu imzalayıb

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan dəmiryolu sahəsində yeni anlaşma memorandumu imzalayıb İmzalanma Bakıda keçirilən 4 tərəfli görüşdə baş tutub
İnfrastruktur
7 Dekabr , 2016 13:03
Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan dəmiryolu sahəsində yeni anlaşma memorandumu imzalayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolları administrasiyasının nümayəndələrinin görüşü keçirilib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpısbayev, "Türkiyə Dəmir Yolu Daşımaçılığı"nın baş direktoru Veysi Kurt və "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda bildirilib.

Tədbirdə C.Qurbanov beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkənin aktiv iştirakı, Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrutla daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər.

K.Alpısbayev, M.Baxtadze, və V.Kurt çıxış edərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ölkələr üçün önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.

Görüşün sonunda anlaşma memorandum imzalanıb.

Tədbirdə həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanınnın baş direktoru Taleh Ziyadov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.

Qeyd edək ki, 3 avqust 2015-ci ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı istiqamətində hərəkət edən ilk “Nomad Express” sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çindən gələn ilk konteyner qatarı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq mümkün olub. Daha sonra Ukrayna Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Express” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Son xəbərlər

Orphus sistemi