Rusiyanın paytaxtı Moskvada, Belarusun Rusiyadakı səfirliyinin binasında bu ölkənin tranzit potensialına həsr olunmuş "dəyirmi masa" keçirilib.
"Report" bu barədə "
“Rusiya xarici ticarət yüklərinin nəql edilməsində Belarusun tranzit potensialı” adlı tədbirdə, bu ölkənin dəmir yolunun imkanları, təklif etdikləri logistik məhsulları, yük terminalları və müvafiq dəmir yolu infrastrukturu diqqət mərkəzində olub.
Belarusun dəmir yolunun rəisi Vladimir Morozovun sədrliyi ilə keçirilən tədbirə Rusiyanın dəmir yollarının rəhbər heyəti və aparıcı logistik və ekspedisiya şirkətlərinin nümayəndələri qatılıblar. "Dəyirmi masa"nın işində “Azərbaycan Dəmir Yolları”nın rəis müavini İqbal Hüseynov, "ADY Express"in, eləcə də cəmiyyətin digər törəmə şirkəti “ADY Konteyner” MMC-nin rəhbərləri iştirak ediblər. Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb və yüklərin bu ölkə vasitəsi ilə Şimali Avropa dövlətlərinə daşınması yollarını araşdırıblar. Müzakirələri izləyən Azərbaycan dəmir yolunun nümayəndələri, ikitərəfli formatda bir sıra görüşlər keçirərək, ikitərəfli münasibətlərin inkişafına dair danışıqlar aparıblar.
Xatırladaq ki, Belarus və Azərbaycan eyni zamanda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçıları olmaqla, bu dəhliz vasitəsi ilə yüklərin nəqlində birgə mexanizmin işlənilməsində sıx əməkdaşlıq edirlər. Bu yaxınlarda isə, beynəlxalq dəhliz çərçivəsində ilk dəfə olaraq İrandan Belarusa polietilen yükünün nəqlinə başlanılıb.