"Azərbaycan Dəmir Yolları" yeni teplovozlar alıb

"Azərbaycan Dəmir Yolları" yeni teplovozlar alıb Qazaxıstandan 5 yeni teplovoz gətirilib
İnfrastruktur
19 Noyabr , 2015 13:39
Azərbaycan Dəmir Yolları yeni teplovozlar alıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yeniləşdirilməsi çərçivəsində Qazaxıstanın "Lokomotiv quraşdırma" SC ilə 10 ədəd yeni istehsal edilmiş, yükdaşıma üçün nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozun alınması üçün müqavilə imzalanıb.

Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, müqavilə əsasında Azərbaycana gətirilən TE33A "Evalution" tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton gücü (4 400 at gücü) 3 356 kVt-dır.

Qeyd edək ki, bu teplovozların birincisi avqustun 3-də Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəyə gətirilib. Həmin teplovozlardan 5 ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılıb, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib. Bu teplovozların istismarı zamanı müəyyən edilib ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35% qənaət etməklə, sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC ilə Estoniyanın "Hanseatic Rail" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, 4 ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb. Bu elektrovozlar 2014-cü ildə istehsal edilib, çəkisi 184 ton, gücü 5 680 kVt, sahə üzrə 3 500-4 000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılıb, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib.

Son xəbərlər

Orphus sistemi