Azərbaycan Avropaya çıxış dəhlizi olmaqda Rusiyanı üstələyib - RƏY

Azərbaycan Avropaya çıxış dəhlizi olmaqda Rusiyanı üstələyib - RƏY 2013-cü ildə Çin tərəfindən elan edilən və Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasına yönəlmiş “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası iki əsas inkişaf istiqamətini nəzərdə tutur. Bunlar “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu” istiqamətləridir. Çinin elan etdiyi bu layihəyə Qafqaz regionunda ilk dəstək verən ölkə Azərbaycan olub. Hazırda “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
İnfrastruktur
232
1 İyun , 2020 18:25
Azərbaycan Avropaya çıxış dəhlizi olmaqda Rusiyanı üstələyib - RƏY

2013-cü ildə Çin tərəfindən elan edilən və Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasına yönəlmiş “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası iki əsas inkişaf istiqamətini nəzərdə tutur. Bunlar “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu” istiqamətləridir. Çinin elan etdiyi bu layihəyə Qafqaz regionunda ilk dəstək verən ölkə Azərbaycan olub. Hazırda “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

İqtisadçı-ekspert Pərviz Heydərov “Report”a açıqlamasında sözügedən layihənin Azərbaycan üçün önəmini və ölkəmizin bu layihə çərçivəsində əhəmiyyətinin hansı səviyyədə olduğunu şərh edib. Ekspert qeyd edib ki, Azərbaycan kiçik dövlət olsa da, Çin bizim ölkəyə böyük diqqət yetirir:

“Dünya iqtisadiyyatının aparıcı ölkələri içərisində Azərbaycana ən böyük önəm verən ölkə Çindir. Bu da təsadüfi deyil. Azərbaycan Prezidentinin Çinə səfərləri zamanı yüksək səviyyədə qarşılandığını və ikitərəfli əməkdaşlığa dair məsələlərdə qarşılıqlı anlaşma əldə edildiyini müşahidə etmişik. Bu heç də Azərbaycanın neft ölkəsi olması, təbii resursları və ya iqtisadi vəziyyəti kimi məsələlərlə bağlı deyil. Bu, bilavasitə Çinin qədimdən indiyə qədər Azərbaycana özünün Avropaya çıxış dəhlizi kimi baxması ilə əlaqədardır. Rusiya böyük əraziyə malik ölkə olsa da, Çin heç də Avropaya çıxış üçün Rusiya ərazisindən istifadə etməkdə strateji baxımdan maraqlı deyil. Bu əvvəllər də belə olub, indi də belədir.

Cənubdan gələn və Əfqanıstan, İran kimi ölkələrin ərazisindən keçən yola gəlincə isə, həm bu ölkələrin bəzisinin Çinlə siyasi problemləri var, həm də Çin heç zaman Avropaya çıxışda bu yoldan istifadə etməyə maraq göstərməyib. Ona görə də Çinin daima Azərbaycanla əlaqələrə xüsusi can atdığına şahid olmuşuq. Öz növbəsində, Azərbaycan da Çinin bu maraqlarını yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib. Bizim bir sıra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi böyük layihələrimiz var. Eyni zamanda Ələtdə böyük bir Beynəlxalq Dəniz Ticarət Limanı tikmişik. Bu kimi layihələrin həyata keçirilməsi ilə Azərbaycan Pekinə onun planlarını təmin etməyə hazır olan ölkə olduğunu bildirmək üçün mesaj ötürür", - ekspert qeyd edib.

P.Heydərov bildirib ki, Azərbaycan üzərindən Avropaya çıxış Çinin maraqları ilə uzlaşdığı kimi, Azərbaycan üçün də böyük önəm kəsb edir:

“Ölkə başçımızın bütün çıxışlarında Azərbaycanın regional dəhliz rolunu oynadığını dilə gətirməsi, xüsusən də nəqliyyat sektorunda son illər külli miqdarda vəsait xərclənərək böyük infrastruktur yaradılması, bizim regionun nəqliyyat dəhlizi hesab olunmamız, bütün bunlar həm də Asiyadan həmin “Səmaaltı əjdaha”nın Avropapa çıxışını təmin etmək məqsədinə xidmət edir. Bunlar təbii olaraq mütləq bizim qonşu ölkələrdə qıcıq yaratmaya bilmir. Məsələn, Rusiyanın özünü götürək.

Təbii ki, Azərbaycan bütün sahələrdə Rusiya ilə rəqabətə uduza bilər. Lakin biz Avropaya çıxış üçün dəhliz rolu oynamaq məsələsində Rusiyaya rəqabətdə üstün gəlirik. Çünki Çin özü maraqlıdır ki, Avropaya Rusiya ərazisindən yox, Azərbaycandan çıxsın. Odur ki, həm “Bir kəmər, bir yol”, həm də tarixi “İpək yolu” layihələrinin gerçəkləşməsi bu günün reallığıdır. Bu layihələr onlara əks olan qüvvələrin potensialına baxmayaraq, qarşısıalınmaz xarakter daşıyır və addım-addım reallaşır. Bunların reallaşmasında Azərbaycan dövlətinin atdığı addımlar daha böyük imkanlar yaradır. Bu addımlar barədə az öncə qeyd etdik. Məsələn, neft pullarının böyük bir hissəsi nəqliyyat sektoruna yatırıldı. BTQ kəmərinin çəkilməsi 10 il vaxt apardı. Halbuki prosesi 4-5 il də gerçəkləşdirmək mümkün idi. Qeyd etdiyimiz qüvvələr BTQ layihəsini rentabelsiz hesab edirdi və Azərbaycanı bu layihədən əl çəkməyə təhrik edirdilər. Azərbaycanın isə bu layihəyə qoşularaq böyük miqdarda pul xərcləməyinə səbəb var idi. Hazırda Ələtdə böyük bir Beynəlxalq Dəniz Ticarət Limanı yaradılıb. Bu liman işə düşdükdən və Çinin də Avropaya çıxış planları reallaşdıqdan sonra BTQ-nin nə dərəcədə strateji layihə olduğu üzə çıxacaq. Avropanın özü artıq bu layihəni dəstəkləyir.

Çin və Avropanın bu şəkildə bizdən istifadə etməklə “Bir kəmər, bir yol”, “İpək yolu” və digər bütün layihələri gerçəkləşdirməsi ən çox Azərbaycanın maraqlarına xidmət edəcək, iqtisadiyyatımızın inkişafına gətirib çıxaracaq ki, biz 15-20 ildən sonra bunun əyani şahidi olacağıq. Azərbaycan 20-30 ildən sonra artıq neft ölkəsi kimi deyil, tranzit ölkəsi kimi tanınacaq və bəlkə də, dövlət büdcəsinə bu sahədən gələn gəlirlər neft-qaz sahəsindən gələn gəlirlərdən çox olacaq”.

Son xəbərlər

Orphus sistemi