​"Azəravtoyol"da İran nümayəndə heyəti ilə görüş keçirilib

​"Azəravtoyol"da İran nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə Şimal-Cənub dəhlizinin komponentləri ətrafında fikir mübadiləsi aparılıb
İnfrastruktur
11 İyun , 2016 11:19
​Azəravtoyolda İran nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 11 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov İranın nəqliyyat nazirinin müavini, nəqliyyat infrastrukturlarının quraşdırılması və inkişafı şirkətinin müdiri Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azəravtoyol”dan "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

S.Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkədə avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycanın tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Ə.Nurzad da öz növbəsində ölkəsinin yol şəbəkəsi, həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri barədə məlumat verib və Azərbaycanda olduğu kimi ölkəsində də Astaraya qədər olan avtomobil yolunun yenidən qurulmasının 2017-ci ildə yekunlaşacağını deyib, yaxın gələcəkdə hər iki avtomobil yolunun birləşdirilməsi üçün yeni körpünün inşa olunmasının vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlıq etməyin zəruri olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi