​AZAL yeni tarif siyasətini açıqlayıb

​AZAL yeni tarif siyasətini açıqlayıb "Azərbaycan Hava Yolları" yeni qiymətlərini təqdim edib
İnfrastruktur
8 Yanvar , 2016 15:14
​AZAL yeni tarif siyasətini açıqlayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasət tətbiq edəcək.

AZAL-dan "Report"a daxil olan xəbərə görə, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbat olan reyslərində "ekonom" sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkündür.

“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə "Call Center" vasitəsilə (+994 12) 598 88 80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.

"Budget" tarifi üzrə istiqamətlərin qiymətləri

İstiqamət Bir tərəfə aviabiletin son qiyməti (avro)
Tbilisi 69
Tehran 79
Aktau 79
Mineralnıye Vodı 79
Moskva ("Vnukovo") 89
Moskva ("Domodedovo") 89
İstanbul ("Sabiha Gökçen") 89
Alanya 89
İstanbul ("Atatürk") 99
Antalya 99
Dubay 99
Kazan 99
Ankara 109
Kiyev 109
Minsk 119
Sankt-Peterburq 129
Lvov 139

Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası - avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.

Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar.

Bundan əlavə, "Azərbaycan Hava Yolları" aşağıdakı marşrutlar üzrə uçuşlara yeni qış aksiyası keçirir:

Marşrut Aviabiletin son qiyməti
Bakı - Paris - Bakı 349 EUR
Bakı - Milan - Bakı 329 EUR
Bakı - Nyu-York - Bakı 499 EUR
Nyu-York - Bakı - Nyu-York   549 USD
Bakı - Praqa - Bakı 329 EUR
Praqa - Bakı - Praqa 359 USD
Bakı - Tel-Əviv - Bakı 299 EUR
Tel-Əviv - Bakı - Tel-Əviv 329 USD
Bakı - London - Bakı 329 EUR

Bu aksiya çərçivəsində bilet satışı yanvarın 11-də başlayacaq və martın 5-dək kimi davam edəcək, uçuş isə yanvarın 11-dən martın 6-dək həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi