AZAL "IATA Travel Pass" tətbiqinin yüksək tələbat olan istiqamətlərdə sınağına başlayır

AZAL "IATA Travel Pass" tətbiqinin yüksək tələbat olan istiqamətlərdə sınağına başlayır "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin avqust ayında yüksək tələbat olan reyslərində "IATA Travel Pass" tətbiqini sınaqdan keçirəcək.
İnfrastruktur
28 İyul , 2021 17:08
AZAL IATA Travel Pass tətbiqinin yüksək tələbat olan istiqamətlərdə sınağına başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin avqust ayında yüksək tələbat olan reyslərində "IATA Travel Pass" tətbiqini sınaqdan keçirəcək.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, tətbiq smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaqdır.

IATA Travel Pass tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:

  • AZAL - Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)
  • AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD)
  • Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)
  • Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)

Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcək.

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaq.

"IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən ("Fast Track") istifadə edə biləcəklər.

"IATA Travel Pass" tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və "Buta Airways" reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən "AZAL Miles" bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.

Bu ilin may ayında AZAL və IATA Azərbaycanda "IATA Travel Pass" tətbiqinin istifadə imkanlarını müzakirə ediblər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcək.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649

• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa

"IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat aviaşirkətin internet saytında təqdim olunub: https://www.azal.az/az/information/iata-travel-pass

IATA Travel Pass tətbiqinin necə işlədiyi barədə qısaca olaraq bu videoda tanış ola bilərsiniz:

https://youtu.be/wKYaPOEyGGA

Son xəbərlər

Orphus sistemi