"Azərbaycan Hava Yolları" QSC (AZAL) ana dilimizdə səlis danışan təyyarə bələdçiləri axtarır.
"Report" xəbər verir ki, bunu AZAL-ın İnsan resursları departamentinin müdiri Ellada Alışova Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil edilmiş "Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları" mövzusunda panel müzakirələrində bildirib.
O qeyd edib ki, tezliklə bu istiqamətdə yeni kampaniyaya start veriləcək.
"AZAL təyyarə bələdçisi işləmək üçün ali təhsil tələb etmir. Əsas istəyimiz Azərbaycan dilində səlis danışmağı bacaran xanımların bizə müraciət etməsidir", - deyə E. Alışova əlavə edib.