AZAL: Aviabiletlərin qiyməti artırılmayacaq

AZAL: Aviabiletlərin qiyməti artırılmayacaq Bunu "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bildirib
İnfrastruktur
8 Dekabr , 2016 15:17
AZAL: Aviabiletlərin qiyməti artırılmayacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ "Tarif Şurası tərəfindən bu yaxınlarda aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir." 

Bu barədə AZAL-ın mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib. 

Bütün aviaşirkətlərdə olduğu kimi, AZAL-ın aviabiletlərinin qiyməti də uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır. 

"Vətəndaşlar üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək" - "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, bu ilin fevralnda "Azərbaycan Hava Yolları"nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.

"Ən populyar istiqamətlərə aşağı büdcəli daşımalar proqramının işə salınması aviaşirkət üçün çox mühüm addım olub. AZAL öz qiymət siyasətində maksimum sərfəli və əlverişli şərtlər təqdim etmək məqsədilə bu istiqamətdə işləməyi planlaşdırır. Ümumilikdə, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir. Hazırda yeni turizm istiqamətlərini özündə birləşdirən marşrut şəbəkəsinin genişləndirilməsi üzrə fəal iş aparılır. Həmçinin, Azərbaycanın hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində iş davam edir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi