Avropadan minik avtomobilləri artıq Azərbaycan üzərindən Orta Asiyaya daşınır

Avropadan minik avtomobilləri artıq Azərbaycan üzərindən Orta Asiyaya daşınır Bakı Limanından 2022-ci ildə 6 milyon 314 min ton yük aşırılıb, bu isə illik müqayisədə 13,6 % çoxdur.
İnfrastruktur
14 Fevral , 2023 11:27
Avropadan minik avtomobilləri artıq Azərbaycan üzərindən Orta Asiyaya daşınır

Bakı Limanından 2022-ci ildə 6 milyon 314 min ton yük aşırılıb, bu isə illik müqayisədə 13,6 % çoxdur.

Bunu “Report”a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

O qeyd edib ki, 2021-ci ildə Bakı Limanında 5,5 milyon ton yük aşırılıb: “2022-ci ildə Rusiya-Ukrayna münaqişəsindən sonra Bakı Limanında aşırılmış həm təkərli texnikanın, həm də minik avtomobillərin sayı artıb. 2022-ci ildə limanda aşırılmış minik avtomobillərin sayı 12 mini keçib. Bu minik avtomobillər əsasən Avropadan gətirilir və Orta Asiyaya daşınır. Münaqişədən əvvəl bu istiqamətdə daşınan minik avtomobillərin sayı 3-4 min idi. Avropadan minik avtomobilləri Rusiya üzərindən deyil, artıq Azərbaycan üzərindən Orta Asiyaya daşınır”.

X.Həsənli vurğulayıb ki, 2015-ci ildən bəri Bakı Limanında aşırılmış təkərli texnikaların sayı 42 mini keçmirdi: "Pandemiya dövründə karantin tədbirlərinə görə dünyada bir sıra istiqamətlərin, bütün yolların bağlı olmasına baxmayaraq, həmin vaxt biz 42 min təkərli texnika aşırmışdıq. 2021-ci ildə təkərli texnika vasitələrinin aşırılması 39 min 431 olub, 2022-ci ildə isə 30,6 % artaraq 51 min 535 ədəd təşkil edib".

Bakı Limanının rəsmisi qeyd edib ki, təkərli nəqliyyat vasitələri Avropadan gələn yüklər, həmçinin Türkiyədən, Orta Asiya və Orta Asiyadan geri daşınan yüklər təşkil edir: "Təkərli texnikanın aşırılması istiqamətində dövriyyə artır. Təkərli texnika yüklərinin (TIR və qoşqu) yarısı Türkiyəyə aiddir. Əvvəllər Şimal dəhlizi ilə daşınan yüklər artıq Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) yönəlib. Şimal dəhlizində bundan sonra vəziyyət normallaşsa belə, yüklərin bir hissəsi Orta Dəhlizdə qalacaq. Orta Dəhlizə daha çox üz tutacaqlar və maraq artacaq. Beynəlxalq şirkətlər Orta Dəhlizi daha etibarlı və təhlükəsiz hesab edirlər".

Onun sözlərinə görə, vaqon dövriyyəsində Rusiya-Ukrayna münaqişəsinə qədər azalma müşahidə edirdik: "Orta Dəhliz daha çox konteynerləşmiş yüklərə yönəlirdi. Keçmiş sovet ölkələrində vaqonla daşımaq ənənəsi var. Ötən il həmçinin vaqon daşımaları artıb. 2022-ci ildə 38 min 692 ədəd vaqon aşırılıb, bu, 2021-ci illə müqayisədə 27, 2 % ( 2021-ci ildə 30 min 426 olub) çoxdur”.

O əlavə edib ki, bu il Bakı Limanında 7 milyon ton aşırmağı hədəflənilir: “2022-ci ildə hədəfimiz 6 milyon ton idi, lakin biz qoyduğumuz hədəfi də üstələdik. 2023-cü ildə isə hədəfimizi keçməyi planlaşdırırıq".

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.

Son xəbərlər

Orphus sistemi