“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə çap və onlayn medianı təmsil edən 20 jurnalist iştirak edib.
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev bildirib ki, təlimin əsas məqsədi KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsidir.
MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova isə deyib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir, bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur.
Təlimdə ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar verib, ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.
Sonda jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.