“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Türkiyənin İzmir şəhərindəki Aliağa limanında Azərbaycan bayrağı altında beynəlxalq sularda üzən “Aframax” tipli “Zəngəzur”” gəmisini ziyarət edib.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Sədr gəmiçilərlə görüşündə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycanda dəniz nəqliyyatının inkişafı sahəsində görülən işlərdən danışıb, ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub-saxlanılması və inkişaf etdirilməsi ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi, eləcə də beynəlxalq hövzələrdə yükdaşıma potensialının artırılması, yeni gəmilərin tikilməsi və alınması kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu bildirib.
O, qeyd edib ki, bu istiqamətdə görülən işlər ASCO-nun hazırladığı və Muşahidə Şurasının konseptual olaraq məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. Qısa, orta və uzunmüddətli perspektivə yönəlmiş bu Plan ASCO-nun inkişafı ilə yanaşı, ümumilikdə ölkəmizin tranzit potensialının reallaşdırılmasına və artırılmasına, Transxəzər dəhlizinin inkişafına, Azərbaycanın regionda nəqliyyat və logistika qovşağına çevrilməsinə, eləcə də dövlətimizin Xəzərdə strateji neft-qaz layihələrinin müvəffəqiyyətlə yerinə yetirilməsinə töhfə vermək məqsədi daşıyır.
R.Vəliyev bildirib ki, Planda ekologiya və ətraf-mühitin mühafizəsi və karbonsuzlaşdırma, rəqəmsallaşdırma sahəsində, eləcə də ASCO-nun maliyyə vəziyyətinin dayanıqlılığını təmin edilməsi istiqamətində də qarşıya mühüm hədəf və məqsədlər qoyulub və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
ASCO-nun sədri gəminin komandir və sıravi heyəti ilə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar, müvafiq sahədə qanunvericilik, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə dair fikir mübadiləsi aparıb, gəmidə Registr qaydalarına və başqa nəzarətedici orqanların tələblərinə, gəminin iş fəaliyyəti və texniki istismarının təhlükəsizliyini təmin etmək üzrə müvafiq normativ sənədlərə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Sədr dənizçilərlə söhbətində onların problemləri ilə də maraqlanıb, təklif və istəklərini dinləyib, həmçinin heyətin yaşayış şəraiti və qida təminatı ilə yaxından tanış olub. O, yükdaşımalarda oynadıqları fəal rola görə heyət üzvünün hər birinə təşəkkürünü bildirib, onlara təhlükəsiz səfərlər arzulayıb.
“Zəngəzur” gəmisi bu ilin noyabrında istismara qəbul edilib və gəmidə üçrəngli bayrağımız qaldırılıb. Digər “Aframax” tipli tankerlər kimi, “Zəngəzur” gəmisinin də dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur.