ABŞ-ın “Apple” şirkəti “Tesla”nın pilotsuz avtomobillərin yaradılması üzərində işləyən keçmiş mühəndisi Kristofer Muru işə götürüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, 2019-cu ilin ortalarına kimi “Tesla”da işləmiş Styuard Bauersin rəhbərliyi altında yeni yaradılacaq avtomobilin proqram təminatının üzərində çalışacaq.
“Apple” öz pilotsuz avtomobilinin istehsalına 2024-cü ildə başlamaq niyyətindədir. Hazırda şirkət “Apple Car” elektromobillərinin qlobal çip defisiti şəraitində seriya buraxılışın təşkili üçün Asiyadan olan avtomobil istehsalçıları ilə görüşlər keçirir. Daha əvvəl “Apple”in “Hyundai” və “Kia” elektromobillərinin istehsalına dair razılaşmaya yaxın olduğu barədə məlumat yayılıb.
Dünyanın texnologiya nəhənglərindın biri olan “Apple” “iPhone” smartfonları, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji cihazlar istehsal edir.