“Andoqa” təchizat yedək gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur

“Andoqa” təchizat yedək gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur Gəmi tərsanədən düşürülüb zavoda gətiriləcək və işlər davam etdiriləcək
İnfrastruktur
24 Avqust , 2017 17:47
“Andoqa” təchizat yedək gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur

Bakı. 24 avqust. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Andoqa” təchizat yedək gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir.

Gəmiçilikdən "Report"a verilən məlumata görə, artıq gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri və elektrik avadanlıqlarının təmiri yekunlaşmaq üzrədir. Bununla yanaşı, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada təmir işləri gedir.

Gəminin sualtı gövdə hissəsi, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da təmir olunacaq, sualtı və su üstü hissələri təmizlənib rənglənəcək. Daha sonra gəmi tərsanədən düşürülüb zavoda gətiriləcək və işlər davam etdiriləcək.

Təmir müddətində gəminin istifadə müddəti bitmiş iki ədəd “Caterpiller” 3412 4W39 tipli köməkçi mühərriki müasir tipli “DEUTZ” tipli dizel-generatorla, köməkçi sükan qurğusunun “Caterpiller” 3412 1W2325 Ne-342 kW-lıq mühərriki isə Ne-480 kW-lıq “DEUTZ” tipli dizellə əvəz olunacaq.

Qeyd edək ki, “Andoqa” təchizat yedək gəmisi Azərbaycan Dövlət Neft Şirkətinin dənizdə neftqazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,7 metr, eni 13,8 metr olan gəmi “Wartsila” şirkətinin istehsalı olan 2 ədəd 9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi