Almaniyanın "KfW" bankının nümayəndə heyəti "Azərsu"da olub

Almaniyanın "KfW" bankının nümayəndə heyəti "Azərsu"da olub Görüşdə Gəncə və Şəkidə layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
İnfrastruktur
11 Sentyabr , 2017 20:12
Almaniyanın KfW bankının nümayəndə heyəti Azərsuda olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Almaniyanın "KfW" bankının nümayəndə heyəti ilə görüş keçirilib. 

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Almaniyanın "KfW" bankının ölkədə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədr müavini “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib. 

Cəmiyyətdən "Report"a daxil olan məlumatda qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.

Almaniya "KfW" bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Alero Aqbojaroma təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Bank təmsilçisi Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib.

Görüşdə Gəncə və Şəki şəhərlərində layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın "KfW" bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Gəncə şəhərlində su mənbələri, magistral kəmərlər üzrə işlər yekunlaşıb, hazırda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir, eyni zamanda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi işləri aparılır. Şəki şəhərində də layihənin birinci mərhələsi yekunlaşıb, hazırda şəbəkələrin tikintisi davam etdirilir. “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gəncə və Şəki şəhərlərinin 550 minədək sakini faydalanacaq. 

Son xəbərlər

Orphus sistemi