Avropa İttifaqı (Aİ) və Avropa İnvestisiya Bankı (EIB) Moldovaya Valçineç-Okniça-Belçı-Unqenı-Kişineu-Kaynari dəmir yolu dəhlizinin təmiri üçün 53,2 milyon avro məbləğində kredit ayıracaq.
“Report” Moldova KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınu bildirib.
Onun sözlərinə görə, bu maliyyə vəsaiti yaxşı vəziyyətdə olmayan, dəmir yolu nəqliyyatı üçün risklər yaradan və regional təchizat zəncirlərini potensial olaraq pozan 128 kilometrlik dəmir yolunun bərpasına sərf olunacaq.
Bu maliyyə vəsaitinə EIB-nin güzəştli şərtlərlə 30 il müddətinə təqdim edəcəyi 41,2 milyon avro məbləğində krediti və Aİ-nin 12 milyon avroluq qrantı daxildir.
A.Spınu qeyd edib ki, layihənin icrası yükdaşımalarının müddətini, həmçinin yol infrastrukturuna düşən yükü azaldacaq, həmçinin dəmir yolu ilə iritonnajlı və iriqabaritli yüklərin daşınmasının həcmini artıracaq: “Şimal-Cənub” dəmir yolu dəhlizinin seqmentlərinin təmiri Moldovanın iqtisadi inkişafına töhfə verəcək və Ukraynadan Aİ-yə yüklərin daşınmasını da sadələşdirəcək”.