Ağstafa şəhərinin bir neçə küçəsində əsaslı təmir və quruculuq işləri həyata keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Əmrah Əhmədov küçəsinə yeni asfalt örtüyü salınıb, elektrik təsərrüfatı yenidən qurulub və müasir işıqlandırma sistemi çəkilib.
Bununla yanaşı, Rafiq Alcanov küçəsində avtomobil yolunun sıradan çıxmış hissəsi, Hüseyn Arif küçəsi ilə Ağstafa-Poylu avtomobil yolunu birləşdirən yol əsaslı təmir olunaraq asfaltlanıb.
Hazırda Ağstafa şəhərində abadlıq-quruculuq işləri, o cümlədən Heydər Əliyev prospekti boyunca vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə daha müasir tipli səki daşlarının döşənməsi işləri davam etdirilir.