Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışı olub

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışı olub Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib
İnfrastruktur
3 Dekabr , 2016 13:44
Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışı olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Ümummilli Liderin uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Ağdama səfərləri bunun bariz nümunəsidir.

Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur. Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşliq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi