Zərgər: "Bir kiloqram qızıldan xəncər hazırlamışam" - VİDEO

Zərgər: "Bir kiloqram qızıldan xəncər hazırlamışam" - VİDEO Bakı. 22 iyun. REPORT.AZ/ Anar Əhmədov zərgərdir. O, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Zərgərlik fakültəsini bitirib. A.Əhmədov həmçinin “ABAD”çıdır.
İncəsənət
22 İyun , 2018 13:30
Zərgər: Bir kiloqram qızıldan xəncər hazırlamışam - VİDEO
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Anar Əhmədov zərgərdir. O, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Zərgərlik fakültəsini bitirib. A.Əhmədov həmçinin “ABAD”çıdır. 

Anar Əhmədovun “Report”a verdiyi müsahibəni təqdim edirik:

- Neçə ildir bu sənətlə məşğulsunuz?

- Həyatımın 30 ilini zərgərliyə həsr etmişəm. Hələ tələbə olarkən “Spartak” adlı sexdə işləməyə başlamışam. Artıq 4 ildir AR loqosu ilə fəaliyyət göstəririk.

- Zərgərlik məmulatları necə hazırlanır? Öncə nədən başlamaq lazımdır? 

- Əvvəl ideya yaranır, sonra isə həmin ideya əsasında hazırlanacaq məhsulun eskizini çəkirəm və üzərində işləyirəm. Növbəti mərhələdə isə eskiz əsasında məhsulu hazırlamağa başlayıram. Əgər məhsuldan bir neçə ədəd lazım olsa, o zaman onun qəlibini çıxarırıq. Bir ədəd sifariş olunarsa, əl ilə hazırlayıram.

- Bu sənətin çətin tərəfi nədir?

- Artıq texniki cəhətdən çətin gələn məqam yoxdur. Bütün metallarla işləyirəm. Möhkəmliyi və tutumuna görə qızılla işləmək daha rahatdır, gümüş isə yumşaqdır. Çətinlik odur ki, "kaprizli" müştərilərimiz çox olur. Əsasən də qadınlarla işləmək o qədər də asan deyil. 

- Əsas müştəriləriniz kimlərdir? 

- Biz qapalı formada işləyirik, yəni öz müştərilərimiz var. Sifarişçilərin kimliyini isə gizli saxlayırıq. Onlar arasında tanınmış şəxslər çox olur.

- Onlar arasında sənət adamları da varmı?

- Təxminən, 2005-ci il idi, mərhum xalq artisti İlhamə Quliyeva sifariş vermək üçün özü seximizə gəlmişdi. Qızıldan hazırlanan və üzərində öz adının yazıldığı böyük bir klon sifariş vermişdi. Çox "kaprizli" müştəri idi. Birdə Yuri Lujkovun nəvəsi Anna üçün boyunbağı hazırlamışam. Tanınmış siyasətçilər də bizə sifarişlər veriblər, ancaq tələblərə görə məxfiliyi qorumalıyıq.

- İşləriniz arasında orijinallığı ilə fərqlənən, daha çox bəyəndiyiniz və yaddaqalan nə olub?

- Dəyərli işlərim çoxdur. Amma sifarişçinin istək və marağını nəzərə alıb onları reklam edə bilmirik. İşlərim çox olub, hamısı yadda qalmır. Çalışıram fotolarını saxlayım, ancaq yenə qeyd edirəm gizlilik tələb olunur deyə bunun yayımlanmasına icazə verə bilmərəm. Ən böyükləri gəmi və xəncər olub. Xəncəri 1 kq qızıldan hazırlamışdım.

- Hazırladığınız məhsulların qiymətini necə müəyyənləşdirirsiniz?

- "ABAD" üçün hazırladığım işlərin qiyməti 50-150 manat arasında dəyişir. Məsələn, armudu stəkan dəstinin qızıldan olanının qiyməti 10 min dollardır. Gümüşü isə 600 manatdır. Belə dəyərli əl işləri sifarişlə hazırlanır.

- Müştərilər qiymətli metallarda hansı rəngə daha çox üstünlük verirlər?

- Ağ qızıl dəbdədir, insanlar isə get-gedə sarı qızıla meyl edirlər. Əvvəlkindən fərqli olaraq,  indi daha çox incə qızıllara üstünlük verirlər.

- “ABAD”a hansı cür işlərinizi təqdim edirsiniz?

- Hazırda bujiteriyalar çox alınır, xüsusilə də ərəblər tərəfindən. Turistlər daha çox klon kimi tək bujiteriya almağa üstünlük verirlər. Müştərilərimiz arasında Rusiya və Fransadan gələn turistlər də çoxdur.  

Son xəbərlər

Orphus sistemi