Yazıçı Əli Əmirli Ağdam xatirələrini kitab formasında çap etdirib

Yazıçı Əli Əmirli Ağdam xatirələrini kitab formasında çap etdirib Romanda hadisələr Ağdamın məşhur "Dəyirman həyətində" baş verir
İncəsənət
29 Avqust , 2015 15:42
Yazıçı Əli Əmirli Ağdam xatirələrini kitab formasında çap etdirib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın tanınmış yazıçısı, dramaturq Əli Əmirli yeni əsər yazıb.

Yazıçı "Report"a açıqlamasında deyib ki, əsər avtobioqrafik roman janrındadır və daha çox müəllifin keçdiyi həyat yolundan bəhs edir. Roman "Ağdamda nəyim qaldı" adlanır. Yazıçı 25 ildən sonra yenidən nəsrə müraciət edib: "Ağdamda nəyim qaldı" mənim avtobioqrafik romanımdır. 25 ildən sonra yenidən nəsr əsəri yazmışam. 17 yaşıma qədər olan dövrümü əhatə edən kiçik həcmli bu əsər nə qədər avtobioqrafik olsa da, əslində, konkret bir uşağın, yeniyetmənin timsalında altmışıncı illər gəncliyinin dünyaya, həyata baxışını, onun bir insan, şəxsiyyət kimi formalaşma prosesini maraqlı və səmimi səhnələrlə təsvir edir".

Onun sözlərinə görə, romanda hadisələr Ağdamın məşhur "Dəyirman həyətində" baş versə də, bütün bu məzəli, bəzən çox kədərli hadisələr, həmin hadisələrin iştirakçısı olan insanlar, münasibətlər, intriqa və konfliktlər müəllifin hisslər prizmasından keçir: "Romanda tanınan bir dramaturqun heç də sadə olmayan uşaqlıq illərinin xeyli səmimi təsviri bir daha göstərir ki, xoşbəxtlik, hamar həyat adama az şey öyrədir, qəm-kədər, enişli-yoxuşlu həyat, gərgin psixoloji məqamlar isə insan hisslərinə min cür çalar və nüans gətirir, onun həyata münasibətini fərqli məqamlarla zənginləşdirir və günlərin bir günündə bütün bu hisslər, təzadlı duyğular hansı bir yaradıcılıq formasındasa aşkara çıxır: "Ağdamda nəyim qaldı" romanı kimi". 

Yazıçı-dramaturq deyib ki, uzun illərdir teatrlarla əməkdaşlıq edir, dram əsərləri yazır: "Məhz bu baxımdan avtobioqrafik romanın yaradıcılığımın yekunu olacağını düşünürdüm. Amma alınmadı. Bu romandan sonra yeni pyes yazmışam və yaxın zamanlarda tamamlayacam".

Son xəbərlər

Orphus sistemi