Gənc Tamaşaçılar Teatrı mövsümün son premyerasını təqdim edib

Gənc Tamaşaçılar Teatrı mövsümün son premyerasını təqdim edib Teatr "Xortdanın cəhənnəm məktubları" ilə 87-ci mövsümü başa çatdırıb
İncəsənət
12 İyun , 2015 14:28
Gənc Tamaşaçılar Teatrı mövsümün son premyerasını təqdim edib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı tamaşaçılarına təqdim edib.

"Report" xəbər verir ki, 87-ci teatr mövsümünün sonu Azərbaycan klassik dramaturgiyasının görkəmli nümayəndələrindən olan Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. 

Tamaşanı Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Mandjiyev səhnəyə qoyub. Əsəri çox bəyəndiyini deyən B.Mandjiyev Azərbaycan milli klassikası ilə tanış olmaqdan, belə bir əsəri səhnəyə qoymaqdan məmnun olduğunu bildirib: "Mən çox şadam ki, məhz bu əsəri hazırladım. Əvvəlcə mənə çox çətin idi. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatında görkəmli yazıçılarından biridir. Mən bu əsərə necə yanaşacağımı düşünürdüm. Sağ olsun, teatrın kollektivi mənə çox kömək etdilər. Bu əsərdən zövq aldım. Tamaşanın hazırlıq prosesində aktyorların oyunu məni heyran etdi. Sizin aktyorlar qeyri-adidir. Azərbaycanın çox istedadlı aktyorları var. Onlarla hər bir əsəri rahat hazırlamaq olar. Bu əsərin açılışını tapmaq mənə çətin idi. Düşünürdüm ki, Azərbaycan tamaşaçısı məni anlaya biləcəkmi, tamaşanı bəyənəcəkmi? İnanıram ki, aktyorların gözəl ifası tamaşanın uğuruna səbəb olacaq. Bu əsər Azərbaycan ədəbiyyatının "Romeo və Cülyetta"sıdır".

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov teatrın bu mövsüm üçün son premyerasının uğurlu olacağını deyib.

O qeyd edib ki, teatr həm Azərbaycan, həm də dünya dramaturgiyasının ən maraqlı əsərlərini səhnəyə qoyub: "Yeni tamaşamız isə teatrımızın növbəti uğurudur. Tamaşanın uğurlu səhnə taleyinin olacağına inanıram". 

Qeyd edək ki, iki ölkənin teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev çıxış edir.

1 saat 30 dəqiqə davam edən "Xortdanın cəhənnəm məktubları" əsərinin teatrın yeni – 88-ci mövsümündə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi