Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın görkəmli dramaturqu, xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” pyesi "L`ArteDelTeatro" tərəfindən italyan dilində Avropa premyerası keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, premyera Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında keçirilən "Şekspir Qalada" adlı festival çərçivəsində baş tutub.
Pyesin quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Gianpiero Borgiadır. Tamaşa fərqli quruluşda izləyicilərə təqdim edilib. Belə ki, süjet xətti interaktiv şəkildə nümayiş olunub və seçilmiş məkan olaraq antik qala bütöv şəkildə istifadə edilib.
Qeyd edək ki, Elçinin "Şekspir" pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə artıq səhnəyə qoyulub.







